Bloomberg Maliyyə Laboratoriyası, UNEC-in Elmi Şurasının 24.09.2021-ci il tarixli, 180 saylı qərarına əsasən yaradılmış və universitetin “Ömürboyu Təhsil Mərkəzi”-nin strukturuna daxil edilmişdir.
Laboratoriya UNEC-in maliyyə təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq və tələbələri real bazar mühitinə hazırlamaq məqsədilə qurulmuş strateji tədris və tədqiqat mərkəzidir. Burada müəllimlər və tələbələr qlobal maliyyə bazarlarını real vaxt rejimində izləyir, səhmlər, istiqrazlar, valyutalar, əmtəə qiymətləri və fond indekslərinin dinamikasını təhlil edirlər.
Bloomberg terminalları istifadəçilərə bazar trendlərini, volatillik göstəricilərini, makroiqtisadi məlumatların qiymətlərə təsirini və investor davranışlarını qiymətləndirməyə imkan verir. Bu mühit tələbələrə nəzəri biliklərini real təcrübəni birləşdirmək, investor qərarlarını simulyasiya etmək və bazar dəyişikliklərinə uyğun strateji yanaşmalar formalaşdırmaq imkanı yaradır.
Laboratoriyada tələbələr və UNEC əməkdaşları Bloomberg Market Concepts (BMC), Bloomberg Finance Fundamentals (BFF), ESG və digər beynəlxalq təlim modullarında iştirak edərək kapital bazarları, valyuta bazarı, portfel idarəçiliyi, yaşıl maliyyə və dayanıqlı investisiyalar üzrə sertifikatlar əldə edirlər. Eyni zamanda magistrantlar və tədqiqatçılar şirkət maliyyə hesabatları və makroiqtisadi göstəricilərdən istifadə edərək empirik araşdırmalar aparırlar.
Bloomberg Maliyyə Laboratoriyası UNEC-də maliyyə yarışları, investisiya üzrə dəyirmi masalar və elmi tədqiqat layihələrinin təşkilində fəal iştirak edir. Universitet artıq ardıcıl 3 ildir Bloomberg Global Trade Challenge-da iştirak edir və komandaların sayı hər il artır. 2024-cü ildə “The Risk Analysts” komandası dünya üzrə 2500-dən çox komanda arasında 32-ci, regionda isə 2-ci yerə layiq görülüb. 2025-ci ildə isə CME Group Trading yarışında “Schrödinger’s Team” komandası dünya üzrə 30-cu, regionda 6-cı yer qazanaraq UNEC-in beynəlxalq nüfuzunu daha da yüksəldib.
Laboratoriyanın infrastrukturu dünyanın aparıcı biznes məktəblərinin standartlarına uyğundur və tələbələrə beynəlxalq maliyyə institutlarında işləmək üçün tələb olunan praktiki bacarıqları qazandırır. Nəticədə, laboratoriya UNEC-in maliyyə təhsilində strateji rol oynayır, tələbələrin əmək bazarında rəqabət qabiliyyətini artırır və universiteti regionda innovativ maliyyə tədrisinin aparıcı mərkəzlərindən birinə çevirir.