Kərəm  Həsənov

Kərəm Həsənov

Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1988–1989-cu illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir.
1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlmişdir.
2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışmışdır.
16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışmışdır.
16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmış sədri isə Kərəm Həsənov təyin edilmişdir.
O, bu vəzifəni 19 may 2009-cu ilədək daşımışdır. 19 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmış və sədri Kərəm Həsənov təyin olunmuşdur.
29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilmişdir.