Əvəz  Ələkbərov  Əkbər

Əvəz Ələkbərov Əkbər

“Maliyyə və audit” kafedrasının müdiri

Avesis link
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)
avaz.alakbarov@unec.edu.az

+(994) 12 492-59-13; 
+(994) 12 492-40-04; 18-46 (1100)
1952-ci il iyulun 23-də Qərbi Azərbaycanda anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası alaraq Bakı Baş tikinti idarəsində mühasib-hesabdar kimi işləmişdir. Sonra hərbi xidmətdə olmuşdur.
1975-ci ildən Azərbaycan Kənd Tikinti Nazirliyində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.
1980-cı ildə Kuybışev adına Moskva idarəetmə işçilərini təkmilləşdirmə institutunu bitirmişdir. 
1981-ci ildən Azərbaycan Nazirlər Soveti İqtisadiyyat şöbəsində böyük referent və müdir müavini vəzifəsində çalışmışdır. 
1991-ci ildən yeni yaradılan Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri olmuşdur. 
1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir.
1999-cı ildə Ümumi Milli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Maliyyə Naziri təyin edilmişdir. O bu vəzifədə 7 il işləmişdir.
Respublikada iqtisadi siyasətin formalaşmasında, büdcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında səylər göstərmişdir. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi altında ilk “Vergi məcəlləsi”, “Büdcə sistemi haqqında qanun” və “Sosial sığorta haqqında qanun” hazırlanmış və tətbiqinə nail olunmuşdur. Dövlət və hökumət komissiyalarının üzvü olmuşdur. Ölkəmizi ABŞ, Birləşmiş Krallıq, Çin, Türkiyə, İsveçrə, Belçika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan və başqa ölkələrdə beynəlxalq, ikitərəfli dövlətlərarası konfranslar və tədbirlərdə çıxış edərək təmsil etmişdir. Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyasının həmsədri kimi iqtisadi əlaqələrin qurulmasında xidmətləri vardır. Beynəlxalq Valyuta fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olmuşdur. Azərbaycan Beynəlxalq Bankı və Birləşmiş Universal Bankın (Kapital Bankın) müşahidə Şurasının Sədri olmuşdur.
2000–2013-cü illərdə YAP Siyasi Şurasının üzvü olmuşdur. Hal-hazırda YAP Nəsimi rayon təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
20 iyul 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
2019-cu ilin mayın 15-də dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının “Sülh səfiri” beynəlxalq adına layiq gürülmüşdür.
 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri və “Professorlar Klubu” rəyasət heyətinin sədridir. O, 5 iqtisad üzrə fəlsəfə doktoru və 2 iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üzrə elmi rəhbər və elmi məsləhətçi kimi doktorant və dissertantlara töhfə verir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə 2019-cu ildə “Maliyyə və maliyyə institutları” (hazırda “Maliyyə və audit”) kafedrası üzrə professor elmi adı verilmişdir. Moskvada mötəbər “İqtisadiyyat” nəşriyyatında “Qlobal iqtisadi böhranın anatomiyası” adlı monoqrafiyası çox saylı tirajla çap edilmişdir. (resenzentlər Plexanov adına Rusiya iqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, əməkdar elm xadimi, RF Akademiyasının müxbir üzvü, prof.Xasbulatov R.İ və RF Hökuməti yanında Maliyyə Universitetinin elmi tədqiqat institutunun direktoru, əməkdar iqtisadçı, professor Perskaya V.V.).
Azərbaycan, rus və türk dillərini bilir.
Ailəlidir. İki övladı var.